Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) səmərəli birgə fəaliyyəti nəticəsində Ağsuda beş il əvvəl törədilərək bağlı qalmış cinayətin üstü açılıb.
 
Bu barədə RePost.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
 
Belə ki, Ağsu şəhər sakini, 1999-cu il təvəllüdlü Qəhrəmanova Ayşən Namizəd qızının 27 yanvar 2017-ci il tarixdə itkin düşməsi faktına görə Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin müəyyən edilməməsi əsası ilə 20 dekabr 2019-cu il tarixdə dayandırılıb.
 
7 mart 2022-ci il tarixdə iş üzrə icraat təzələnərək istintaq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən davam etdirilməklə peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri həyata keçirilib.
 
İstintaqla müəyyən edilib ki, 2017-ci il yanvarın 27-dən 28-nə keçən gecə 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə aralarında yaranan mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb. Meyiti əvvəlcə Qaraqaşlı kənd qəbiristanlığında gizlədib, yanvarın 28-də saat 22 radələrində isə meyiti oradan götürüb Kürdəmir rayonu ərazisində Şirvan kanalının yaxınlığında basdırıb.
 
16 mart 2022-ci il tarixdə meyitin basdırıldığı yerdən insan skelet hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülüb.
 
17 mart 2022-ci il tarixdə Asif Manafov şübhəli şəxs qismində tutulub, dindirilərkən o, törətdiyi əməli etiraf edib.

Baxış sayı: 3846 | Tarix: 18.03.2022
Bizi Telegramda izləyin: @repostaz