Bu gün Bakı metrosunun “20 Yanvar” stansiyasında törədilən terror aktından 28 il keçir.
 
RePost.Az-ın məlumatına görə, 1994-cü il martın 19-da Bakı metropoliteninin “20 Yanvar” stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər isə yaralanıb. 
 
Həlak olanların arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi.
 
Məhkəmə metro stansiyada törədilmiş terror aksiyasının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını, separatçı “Sadval”  ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.
 
“Sadval” separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi Təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.
 
1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib.
 
İstintaq zamanı müəyyən edilib ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar. Ancaq terrorçular məqsədlərinə axıra qədər nail ola bilməyiblər.
 
“20 Yanvar” metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.
 
Onu da bildirək ki, terror aktı nəticəsində həlak olan soydaşlarımızın adları sözügedən stansiyanın divarına həkk olunaraq əbədiləşdirilib.

Xatırladaq ki, iki il öncə Avropa Şurası Azərbaycandan olan insan haqları təşkilatlarının təqdimatı əsasənda teror aktını törədən sadval teror təşkilatının üzvünü siyasi məhbus siyahısına salıb azad olunmasını təlb edirdi.

Baxış sayı: 5575 | Tarix: 19.03.2022
Bizi Telegramda izləyin: @repostaz