Martın 24-də saat 14 radələrində 1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Faxrəddin qızının öldürülməsi ilə bağlı Goranboy rayon Prokurorluğuna məlumat daxil olub.
 
Prokurorluqdan RePost.Az-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, eləcə də zəruri cinayət-prosessual hərəkətlər icra edilib.
 
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Mehman Süleymanov rayonun Dəliməmmədli şəhərindəki musiqi məktəbinin yaxınlığında saat 13 radələrində idarə etdiyi “Land Rover Discovery” markalı avtomobillə öldürmək niyyəti ilə bir ildir faktiki olaraq ayrı yaşadığı arvadı Əfsanəni vurub, daha sonra avtomobilində gəzdirdiyi mətbəx bıçağı ilə ona bir neçə xəsarət yetirib.
 
Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Mehman Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin törədilməsində istifadə olunmuş bıçaq sonuncudan götürülüb.
 
Müdafiəçinin iştirakı ilə dindirilən zaman Mehman Süleymanov törətdiyi əməli etiraf edib. Hazırda iş üzrə istintaq davam etdirilir.

Baxış sayı: 3903 | Tarix: 25.03.2022
Bizi Telegramda izləyin: @repostaz