Ötən gecə saat 03:00 radələrində Bakının Səbail rayonunda Tərlan Əliyarbəyov küçəsində zirzəmidə yerləşən "Location club"da qəfil partlayış baş verib.
 
RePost.Az xəbər verir ki, hadisə nəticəsində klubun 1979-cu il təvəllüdlü işçisi Maya Axundova aldığı xəsarətlərdən hadisə yerində həlak olub, 37 nəfər yaralıanıb. Bir mənzilə, iki qeyri-yaşayış sahəsinə, 14 avtomobilə ziyan dəyib. 
 
Faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən  ibarət birgə istintaq qrupu yaradılmış, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
 
Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.
 
TƏBİB-in açıqlamasına görə, hazırda stasionar müalicə alan 23 nəfərdir, 7 nəfərin vəziyyəti ağırdır, üç nəfərin vəziyyəti isə kritik ağırdır, iki nəfər evə buraxılıb. Yaralananaların əksəriyyəti yanıq xəsarəti alıb.
 

Baxış sayı: 5689 | Tarix: 03.04.2022
Bizi Telegramda izləyin: @repostaz