Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
APA xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, Namiq Zeynalov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdə o da qeyd olunub ki, Namiq Zeynalov 2 il 6 ay müddətinə heç bir vəzifə tuta bilməz.
 
Qeyd edək ki, prokuror çıxışında onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
 
Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Baxış sayı: 3618 | Tarix: 08.07.2022
Bizi Telegramda izləyin: @repostaz