Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
 
APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılan iş üzrə istintaq orqanının təqdimatı təmin edilib.
 
Qərara əsasən Əvəz Zeynallı və Elçin Sadıqov Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, Əvəz Zeynallı və Elçin Sadıqov ötən gün prokurorluq orqanları tərəfindən saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb.
 
Xatırladaq ki, sentyabrın 7-də haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev Xural TV-nin rəhbəri Əvəz Zeynallının hazırda həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən şantaj və hədə-qorxu yolu ilə 20 min manat pul alması, lakin daha sonra razılaşmanı pozaraq Rasim Məmmədovla bağlı şantaj kampaniyasını davam etdirdiyini yazıb. O, eyni zamanda Əvəz Zeynallının səs yazısını da yayıb.
 
Daha sonra isə vəkil Elçin Sadıqov məsələyə müdaxilə edərək, məlumatı təkzib edib. Bundan sonra E. Fətullayev Ə. Zeynallının pulu məhz vəkil Elçin Sadıqov vasitəsilə aldığını açıqlayıb.

Baxış sayı: 4910 | Tarix: 11.09.2022
Bizi Telegramda izləyin: @repostaz