"Kənddə cavanlara qız vermirlər. Deyirlər ki, orada şərait yoxdur”.
 
BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Qubanın Yalavanc kəndinə səfərimiz zamanı kəndin ağsaqqalları deyir. Ora səfərimizdə əsas məqsəd uzun müddətdir ki, kənddən sosial problemlərlə bağlı xeyli müraciət almağımızdır. Sakinlər şikayətlərində kəndin yollarının bərbad vəziyyətindən, qaz, su və ən əsası məktəb probleminin olmasından gileylənirlər.
 
Yalavanc Qubanın inzibati ərazisində olsa da, sakinlər daha yaxın olduğu üçün ora Şabrandan gediş-gəlişə üstünlük verirlər. Kəndin sakinləri isə qədim alban tayfalarından olan buduqlulardır. Bakıdan Şabrana kimi taksi və avtobuslar fəaliyyət göstərsə də, rayondan Yalavanc kəndinə getmək üçün hər hansı bir ictimai nəqliyyat vasitəsi yoxdur. Kimin şəxsi maşını varsa, o da kəndə gedəcək.
 

 

Biz də Yalavanc kənd sakini Çingiz Hacıyevin köməkliyi ilə getdik. Çingiz bəy bildirdi ki, bir müddət əvvəl sakinlər kəndin yolunu öz büdcələri hesabına saldırıb, ancaq ərazidə meliorasiya işləri başladıqdan sonra həm ətrafdakı əkin sahələri, həm də yol bərbad vəziyyətə düşüb:
"Hələ siz yaxşı vaxtında gəlmisiz. Yağış yağanda bu toz tamam palçıq olur, heç kəndə maşın da işləyə bilmir. Əvvəllər bu sahələr otlaq idi, ancaq indi bu tozun örtdüyü otu heyvanlara verə bilmərik”.
 
Həqiqətən də yanımızdan hər dəfə yük maşını ötdükcə, qalxan toz yolumuzu görünməz etdiyindən məcbur maşını saxlayıb bir müddət gözləməli olurduq. Çingiz bəy onu da qeyd etdi ki, kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq olsa da, ərazidə gedən işlərə görə, 4 aydır ki, heyvanları örüşə çıxara bilmirlər. Bu səbəbdən sahibkarların çoxu iribuynuzlu heyvanlarını satıb azaldır.
 
Kəndin girəcəyində bizi buduqlu ağsaqqalları qarşıladı. Ürəkləri dolu olan kənd sakinləri ilə söhbətimizdə məlum oldu ki, onları ən çox narahat edən məsələ məktəb olmadığı üçün buradakı gələcək nəsillərin savadsız böyüməsidir:
 

 

"Bu kənd hazırda qapalı müəssisə kimi bir şeydir. Belə kənd olmur. Bir dənə ibtidai məktəb var, orada da bir müəllim bilmir ki, hansı uşağa nə öyrətsin. Dördüncü sinfi bitirən uşaqları da göndərirlər ki, bacarırsan oxu, bacarmırsan otur evində. İndi kimin Siyəzəndə, Şabranda, Qubada qohumu var, uşağını oraya göndərir. Qohumu olmayan da oturdur böyründə. Dövlət konsepsiyasına əsasən kəndə maşın verilməlidir. Eybi yoxdur, sürücünün maaşını da biz verərik. Təki uşaqlarımızı qonşu kəndin məktəblərinə aparıb gətirsin”.
 
Kənddə məktəblə yanaşı xeyli digər sosial problem də var. Problemlərin yaranmasının başlıca səbəbi isə kəndin inzibati ərazi bölgüsüdür. Belə ki, su, qaz problemlərinə görə yerli əhalinin yaxınlaşdıqları icra orqanları onları digər rayona yönləndirir:
 

 

"Kəndimizlə rayon arasında heç 7-8 kilometr məsafə yoxdur. Ancaq bizə su verilmir. Buranın suyu kükürdlü olduğundan istifadəyə yararsızdır. Gəlin, gedək kibrit vuran kimi yanacaq. Qonşuluqdakı kəndlər Şabran və Siyəzənin inzibati ərazisinə daxil olduğu üçün qaz və su problemləri yaşamırlar. Ancaq biz müraciət edəndə Quba deyir ki, Şabran versin, Şabran deyir, Siyəzən versin, Siyəzən də Qubaya göndərir. Qalmışıq çarəsiz vəziyyətdə. Suyumuz yoxdur, qazımız yoxdur, yolumuzun acınacaqlı vəziyyətini özünüz gördüz. Məktəbimizdən heç danışmayın. Qadınlar, qızlar hamısı savadsız olur”.
 
Hətta kənddə elə evlər var ki, yarısı Qubanın, yarısı isə Siyəzənin inzibati ərazisinə daxildir:
"Bax, bu gördüyünüz evin özü Siyəzənin ərazisindədir, artırması isə Qubanın”.
 
Kənd ağsaqqalı İldırım Məmmədov hər hansı sənəd və yaxud məktubun səkkiz aya onlara çatdığını bildirib:
"Rabitə və Yüksək Texnologiyalar Nazirliyimiz var. Lap yüksək ha, burda oturur, dünyanın o biri başından xəbər verir. Ancaq bu kəndə əsgərin göndərdiyi məktub o cibdə, bu cibdə 8 aya gəlib çatır. Burada hər şey belədir. Barmağı kəsən də eyni həkimdi, apendisiti də, gözü də, qaşı da…”
 
Çəkiliş üçün kəndin ibtidai təhsil ocağına yollansaq da, direktor Faiq Həsənov çoxdan qapını bağladıb getmişdi. Kənd sakinləri dəfələrlə müraciət etsə də, çəkilişə icazə olmadığını bildirdi.
 

 

Kəndin ağbirçəyi Mədinə Hacıyeva da söhbətimizdə qız nəvələrinin heç birinin təhsil almadığını, qız uşağını kiminsə qapısına qoya bilməyəcəklərini söylədi:
"Biz uşaqlarımıza təhsil vermək istəyirik. Oğlanları yenə rayona göndərmişik. Ağlaya-ağlaya gedib gəlir. Ancaq qızları kimin qapısına qoyaq? 14 yaşlı nəvəmi yanıma qoymuşam, onun indi oxuyan vaxtıdır. Heç kim qız uşağını oxutmur. 4-cü sinifi bitirən evdə oturur. Biz utanırıq uşağın əlindən tutub qapı-qapı gəzməkdən. Heç olmasa, 8 illik məktəb olsa, uşaqlar da oxuyar”.
 
14 yaşlı Nuranə də təhsilini davam etdirmək, gələcəkdə həkim olmaq istəyir. Ancaq o da dostları kimi kənddə məktəb olmadığı üçün evdə oturmaq məcburiyyətində qalanlardandır.
 
RePost.Az
 

Baxış sayı: 3694 | Tarix: 13.03.2017
Bizi Telegramda izləyin: @repostaz