Britaniya nəşri: “Qərb anladı ki, Türkiyə bir şey almadan güzəştə getmir”
 
Böyük Britaniyanın “tortoisemedia.com” saytının “Turkey’s President Erdoğan is the real winner of the Nato summit” (NATO sammitinin əsl qalibi Türkiyə prezidenti Ərdoğandır) adlı məqaləsində deyilir ki, Qərb bir daha əmin oldu ki, qarşılığında bir şey almadan Türkiyə heç bir güzəştə gedən deyil. 
 
Britaniya nəşri yazır ki, İsveçin NATO-ya qoşulmasına razılığın qarşılığında Qərbdən bunları aldı:
-ABŞ Türkiyəyə 40 ədəd F-16 (20 milyard dollar dəyərində) döyüş təyyarəsi göndərməyə razılıq verdi. Halbuki Ukrayna 500 gündən artıq davam edən müharibədə bu qırıcıları almaq üçün Amerikaya yalvarırdı. 
 
-Kanada Türkiyəyə Suriyada apardığı hərbi əməliyyat səbəbindən 2019-cu ildə ilkin olaraq tətbiq etdiyi silah embarqosunu ləğv edəcək.
 
Bu məsələ ilə bağlı kiçik bir haşiyə çıxmaq gərəkir. Bəzi Qərb mənbələri deyir ki, bu embarqo səssiz-səmirsiz 2020-ci ildə aradan götürülüb. Bu embarqonun hələ götürülmədiyini, gələcəkdə götürülə biləcəyimi deyənlər də var. Bu söhbətin otraya çıxmasının səbəbi isə NATO zirvəsində cənab Ərdoğanın Kanadanın baş naziri Justin Trudeau ilə görüşündən qaynaqlanır. 
 
-İsveç Kürdüstan Fəhlə Partiyası (PKK) üzvlərinə qarşı araşdırmalara başlayıb və silahlı qruplaşmanın maliyyələşdirilməsini izləmək üçün Türkiyə təhlükəsizlik orqanları ilə sıx əməkdaşlıq edəcək. 
 
O da aydındıdır ki, İsveçin NATO-ya daxil olması məsələsinə Türkiyə parlamentinin oktyabrda baxacağı da məqsədli yanaşmadır. Belə ki, Qərb vədlərini o vaxta qədər həyata keçirməlidir. Keçirməsə, parlament bu təklifi rədd edə də bilər...
 
Gördüyünüz kimi, Britaniya nəşri də etiraf edir ki, Tayyib Ərdoğan elə bir siyasətçidir ki, Türkiyə üçün müəyyən güzəştlər almadan geriyə addım atmır. Bir anlığa təsəvvür edin ki, Türkiyənin prezidenti Tayyib Ərdoğan yox, məhz CHP başqanı Kamal Kılıçdaroğlu seçilib. Kamal Kılıçdaroğluna Qərb bu qədər güzəştə gedərdimi? Siyasət mürəkkəb bir işdir. O da aydındır ki, sinəsinə döyüb “mən əvəzolunmaz siyasətçiyəm”, deyənlərin çoxunda siyasi fəhm və çoxgedişli kombinasiyalarda xüsusi məharət ya olmur, ya da yetərincə olmur. Bu baxımdan cənab Ərdoğan böyük siyasətçidir. Ancaq onun da zəif yerləri var. Belə ki, Türk lirəsinin vəziyyəti ürəkaçan deyil. Bu isə son dərəcə ciddi məslədir. O da bəllidir ki, bu amil cənab Ərdoğanın əleyhinə işləyir. Əminəm ki, Türk lirəsinin dəyərdən düşməsinin arxasında Qərbin məkrli siyasəti dayanıb. Qərb mərkəzləşmiş şəkildə anti-lirə siyasəti yerdib. Bunun üçün əlinin altında olan ciddi təzyiq vasitələrinə əl atıb. Ancaq Ərdoğan səviyyəsində olan siyasətçi bu prosesi görməli və gərəkən ölçüləri götürməliydi. 
 
“Tortoisemedia.com” saytı lirənin acınacaqlı durumu ilə bağlı məsələyə də toxunur. Qeyd edir ki, lirəni xilas etmək üçün sayın Ərdoğan Avropa Birliyi ilə əlaqələri gücləndirtmək fikrindədir. Bu istiqamətdə əsas mane hesab olunan Türkiyə-Yunanıstan münasibətlərinin istiləşməsi prosesi davam edir. Cənab Ərdoğanla Yunanıstanın baş naziri Kyriakos Mitsotakis-ın NATO zirvəsində şəxsən görüşməsi müşahidəçilər tərəfindən müsbət dəyərləndirilir.
 
Türkiyə NATO-nun aparıcı üzvlərindən olsa da Rusiya ilə son dərəcə sıx münasibətlərə malikdir. Məhz Türkiyənin vasitəçiliyi ilə Moskva ilə Kiyev arasında Ukrayna buğdasının dünya bazarına daşınması ilə bağlı anlaşma əldə olunub. Düzdür, hazırda Rusiya bu anlaşmanı uzatmaq istəmir. Ancaq böyük ehtimalla demək olar ki, Türkiyə bu dəfə də öz istəyinə nail olacaq. 
 
Yeri gəlmişkən, Ukrayna buğdasının dünya bazarına çıxarılması son dərəcə önəmli məsələdir. Rusiya buna imkan verməsəydi bir çox ölkədə, xüsusən kasıb ölkələrdə insanlar kütləvi aclıqla üzləşə bilərdi. Söhbət 10 milyonlarla insandan gedir.
 
Eyni zamanda gələn həftə Türkiyə prezidentin varlı körfəz ölkələrinə səfəri gözlənilir. Bu səfərin əsas məqsədi Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunun artımına nail olmaqdan ibarətdir...
 
Elbəyi Həsənli, Sürix 

Baxış sayı: 12111 | Tarix: 14.07.2023
Bizi Telegramda izləyin: @repostaz