Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.
 
Bu barədə Mədəniyyət Nazirlyi məlumat yayıb.
 
Aygün Hümbətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub.
 
İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alan sənətçi 13 yaşında Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olur.
 
Bununla da, onun peşəkar səhnəyə gəlişi başlayır.
 
Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif regionlara qastrol səfərləri edir.
 
1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.
 
1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Hümbətovanın sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar - Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan muğamın incəliklərini öyrənir və peşəkar musiqi karyerasında böyük tamaşaçı rəğbəti qazanır.
 
Sənətçinin "Tut ağacım", "Özün günahkarsan" kimi bəstəkar mahnıları ona daha çox şöhrət gətirir.
 
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
 
Aygün Bəylər uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
 
Bu yaxınlarda Bakıda solo konsertlə çıxış edən müğənni səhhətində yaranan ağırlaşma səbəbindən Ankaraya yollanıb və elə orada da vəfat edib.
 
Allah rəhmət eləsin.

Baxış sayı: 15322 | Tarix: 07.01.2024
Bizi Telegramda izləyin: @repostaz