İranın "Qırmızı Aypara Cəmiyyəti" Cənubi Azərbaycanda - Xoyda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardımla bağlı Türkiyənin "Qırmızı Aypara Cəmiyyəti"nin təklifini qəbul etməyib.
 
Bu barədə report-a Türkiyənin "Qırmızı Aypara Cəmiyyəti"ndən bildirilib.
 
Belə ki, İran tərəfi heç bir yardıma ehtiyacları olmadıqlarını qeyd edib.
 
"Baş vermiş zəlzələdən sonra yaranan humanitar fəlakətin yaratdığı fəsadları İran tərəfinin aradan qaldıracağı bildirilib. Ona görə də Türkiyə bu məsələdə öz dəstəyini göstərə bilmir" - məlumatda bildirilib
 
Xatırladaq ki, iki gün öncə İranın şimal-qərbində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində həlak olanlar var. Zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 1000-dən artıq şəxs yaralanıb.
 
Zəlzələdən zərər çəkmiş vətəndaşlar mətbuata verdikləri açıqlamalarda yaşadıqları evlərin uçması səbəbindən soyuq hava şəraitində köməksiz qaldıqlarını, qida çatışmazlığından, lazımı tibbi yardımın göstərilmədiyindən bəhs edib, eyni zamanda körpə uşaqların və yaşlı insanların soyuqdan əziyyət çəkdiklərini, lazımi sayda çadır verilmədiklərini bildiriblər.

Baxış sayı: 22675 | Tarix: 31.01.2023
Bizi Telegramda izləyin: @repostaz