Abşeron rayonunda birmərtəbəli 4 otaqlı fərdi yaşayış evi oğrular tərəfindən yandırılıb.

RePost.Az "report"a istinadən  xəbər verir ki, bunu ev sahibi Vasif Qurbanov deyib.

Hadisə gecə saatlarında Xırdalan şəhəri, "Medkolon" kimi tanınan ərazidə qeydə alınıb. Fərdi yaşayış evi tamamilə yanaraq külə dönüb.

V.Qurbanov bildirib ki, hadisə vaxtı evdə heç kim olmayıb. Zərərçəkən şəxs yanğının qəsdən törədildiyini iddia edir. Onun sözlərinə görə, yanğın zamanı evin pəncərəsinin üstündəki dəmir barmaqlıqlar xüsusi üsulla kəsilib ki, bu da evə naməlum şəxslərin daxil olaraq oğurluq etdiyini, sonra isə iz itirmək üçün onu yandırdığını göstərir. V.Qurbanov onu da deyib ki, eyni hadisə bu ilin fevral ayında da baş verib. Oğurluq edən şəxslər evdə olan qızıl və pulları götürərək onu yandırıblar. Lakin alovun qarşısı vaxtında alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən alovun digər fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Yanğının səbəbləri araşdırılır.

Əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlbedilib.

Faktla bağlı FHN-nin Yanğına Nəzarət Xidməti ilə yanaşı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

 


Baxış sayı: 3770 | Tarix: 06.05.2017
Bizi Telegramda izləyin: @repostaz