Masallı rayon Hüseynhacılı kəndində sakinlərin hiddətinə səbəb olan hadisə baş verib.
 
RePost.Az xəbər verir ki, kənd sakinləri “Qafqazinfo”ya göndərdikləri müraciətdə bələdiyyə sədri olan Rafiq Ağayevdən şikayətçi olublar.
 
Sakinlər bildirir ki, mayın 20-də axşam namazından sonra bələdiyyə sədri Rafiq Əliyev sərxoş vəziyyətdə yanında yüngül əxlaqlı qadınla kəndin məscidində olub:
 
“O, həmin qadınla birgə Allahın evində pivə içib əylənib”.
 
Kənd sakinləri qadının kimliyini bilsələr də, etik baxımından həmin şəxsin adını müraciətə salmayıblar:
 
“Hadisəyə isə iki nəfər şahid olub. Bələdiyyə sədrinin hörmətsizliyi, əxlaqsızlığı kənddə və rayon camaatında kütləvi narazılığa səbəb olub.
 
R. Ağayevin cəzalandırılması üçün tərəfimizdən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə də müraciət edilib. Həmin qurumun nümayəndəsinin, kənd ağsaqqallarının, axundlarının və 50-yə yaxın sakinin iştirakı ilə toplantı keçirilib. Toplantıda şahidlər danışıb və fakt sübuta yetirilib. R. Ağayev də kənd sakinlərinin sorğu-sualı nəticəsində təqsirini etiraf edib. O, əvvəllər də bu cür hərəkətlərə yol verib. Məhərrəmlik ayında gəlib deyirdi ki, məscidə gələnlərdən 3 manat pul alın. Bir məsələni də vurğulayaq ki, sədr Öncəqala kəndində yaşasa da, öz əxlaqsız hərəkətlərini bizim kəndin məscidində edib. Bu cür əməllərindən artıq bezmişik.
 
Bütün bunlara baxmayaraq bələdiyyə sədri ilə bağlı bu günə kimi heç bir tədbir görülməyib. Əgər o cəzalandırılmazsa, həmin mənəviyyata sahib olan adamlara da bu hadisə pis örnək olacaq. Kiçik bir kənddə baş vermiş bu xoşagəlməz hadisə Azərbaycanın digər rayonlarına, kəndlərinə də sirayət edə bilər”.
 
Kənd ağsaqqallarının sözlərinə görə, müvafiq qurumlara, ölkə başçısına müraciətdən sonra polis tərəfindən onlara təzyiqlər edilir:
 
“Hadisəyə şahid olan iki gəncimizi polis şöbəsinə apararaq işgəncə veriblər. Bizdən məsələni qabartmamağı, bu işdən əl çəkməyimizi tələb edirlər. Əks halda, daha böyük işgəncələr edəcəklərini bildirirlər. Biz başa düşmürük ki, Allahın evinə hörmətsizlik edən, içki içən, orada əxlaqsız hərəkətlərlə məşğul olan bir bələdiyyə sədrini polis və icra orqanları niyə qoruyur? Guya, biz onu şantaj edirik? Uşaqları aparıb yenə döymək istəyirlər”.
 
Artıq Masallı icra başçısı Rafil Hüseynov da bələdiyyə sədri ilə bağlı yaranmış narazılığı araşdırmaq üçün kəndə baş çəkib.
 
Qeyd edək ki, məlum olaya görə kənd sakinləri ölkə rəhbərliyinə də müraciət edib. Müraciəti imzalayan şəxslərin siyahısı da redaksiyamıza göndərilib.
 
“Qafqazinfo” bələdiyyə sədri Rafiq Ağayevlə əlaqə saxlamağa çalışsa da, telefonlarına zəng çatmayıb. Hadisə ilə bağlı onun da fikrini işıqlandırmağa hazırıq.
 
RePost.Az

Baxış sayı: 2402 | Tarix: 09.06.2017
Bizi Telegramda izləyin: @repostaz