Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasındakı Əməkdaşlıq Memorandumu çərçivəsində İranın ölkəmizdə səfərdə olan media fəaliyyətinə məsul qurumlarının nümayəndələri paytaxtda bir sıra görüşlər keçiriblər.

Mətbuat Şurasından RePost.Az-a bildiriblər ki, nümayəndə heyətinin ilk görüşü iyulun 10-da Trend Beynəlxalq İnformasiya Agentliyində (BİA) olub. Görüşdə Azərbaycanda medianın inkişafı, son illər bu sahədə əldə olunan nailiyyətlər, jurnalist peşəkarlığı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov nümayəndə heyətinə Azərbaycanda media sahəsindəki vəziyyət, əldə edilən nailiyyətlər barədə məlumat verib. O, ölkədə azad sözə, müstəqil fikrə böyük önəm verildiyini vurğulayıb. Ə.Amaşov deyib ki, 1998-ci ildə Azərbaycanda MDB məkanında ilk dəfə olaraq senzura aradan qaldırılıb. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvindən sonra ölkə mediası müstəqil fəaliyyətə başlayıb. 2003-cü ildə Azərbaycan Mətbuat Şurası yaradılıb. Şura mediada etik prinsiplərin qorunmasına ictimai nəzarəti həyata keçirir.

Trend BİA-nın baş direktoru İlqar Hüseynov qonaqlara rəhbərlik etdiyi agentlik və onun fəaliyyəti barədə geniş məlumat verib.

İran İslam Respublikası mədəniyyət və islami irşad nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezami Trend BİA-nın İranın İRNA Dövlət İnformasiya Agentliyi və "Mehr" Agentliyi ilə əməkdaşlığı barədə söz açıb. Bu münasibətlərin ümumən İran və Azərbaycan arasındakı dostluğun möhkəmlənməsinə xidmət missiyasından məmnunluğunu ifadə edib.

Nümayəndə heyətinin növbəti görüşü də iyulun 10-da reallaşıb. Qonaqlar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşüblər. Nazir diqqəti iyulun 3-dən 8-dək İranda keçirilən Azərbaycan mədəniyyəti günlərinə çəkib. Tədbirin qarşılıqlı əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyinə əminliyini vurğulayan nazir son dövrlər İran mətbuatında Azərbaycanla bağlı geniş məlumatların yer aldığını bildirib. Nazir onu da qeyd edib ki, bir neçə gün öncə cəbhə xəttində Ermənistan ordusunun mülki vətəndaşları qətlə yetirməsi ilə bağlı İran mətbuatının Azərbaycana dəstək nümayişi müsbət dəyərləndirilir.

İran nümayəndə heyətinin rəhbəri Hüseyn Entezami dini və mədəni bağlılığı olan ölkələrimizin mədəniyyət və turizm sahələrində əməkdaşlığının hər zaman vacib olduğunu qeyd edib. O bildirib ki, bu prosesdə mətbuat nümayəndələri yaxından iştirak etməlidirlər.

İranlı qonaqların iyulun 10-da növbəti görüşü Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) reallaşıb. İnformasiya agentliyinin baş direktoru Aslan Aslanov Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini, qlobal problemlərin müzakirə olunduğu məkana çevrildiyini vurğulayıb. Bu tendensiyanın media fəaliyyətində də əksini tapdığını deyən A.Aslanov ölkəmizdə jurnalistikanın inkişafına böyük önəm verildiyini diqqətə çatdırıb. Baş direktor mövcud xüsusdakı fikirlərini əsaslandırarkən bildirib ki, ölkəmiz müstəqilliyinin ilk illərində informasiya blokadasında olub. Bu vəziyyət ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra aradan qalxıb, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə daha intensiv çatdırılmasına başlanılıb. Hazırda Prezident İlham Əliyev tərəfindən mediaya sistemli dövlət qayğısının nəticəsində proses daha geniş vüsət alıb, habelə mətbuat özü də tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoyub. A.Aslanov, eyni zamanda, rəhbərlik etdiyi informasiya agentliyinin beynəlxalq layihələrindən söz açıb, qurumun konkret əməkdaşlıq istiqamətlərini sadalayıb.

Nazir müavini Hüseyn Entezami bildirib ki, ümumi mədəni və tarixi köklərə malik İran və Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. O, informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsinin vacibliyini əsaslandırıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

RePost.Az


Baxış sayı: 2326 | Tarix: 12.07.2017
Bizi Telegramda izləyin: @repostaz