Britaniyalı fizik Stiven Hokinq 76 yaşında dünyasını dəyişib. Bu barədə “The Guardian” nəşri yazır. Məlumatı alimin ailəsi də təsdiqləyib. 
 
Onun övladları Lusi, Robert və Tim atalarının ölümü ilə bağlı yazılı açıqlama veriblər. “Sevimli atamızı bu gün itirmiş olmanın kədərini yaşayırıq. Çox böyük bir elm adamı, fəaliyyəti və qoyduğu miras illərcə yaşayacaq möhtəşəm bir şəxsiyyət idi”, - deyə açıqlamada qeyd edilir.
 
Stiven Hokinq 1988-ci ildə dərc edilən “Zamanın qısa tarixi” adlı elmi işindən sonra məşhurluq qazanıb. Kitab ondan çox dilə tərcümə edilib və 10 milyondan çox tirajla dərc olunub. Onun əsas tədqiqat sahəsi fəza və kvant qravitasiyası ilə əlaqədardır. Onun əsas nailiyyətləri qara dəliklərin təsvirində termodinamikanın tətbiqi və “qara dəliklər”in “Hokinq şüalanması” kimi tanınan proses nəticəsində “buxarlanmasının” sübuta yetirilməsidir.
 
21 iyul 2004-cü ildə qara dəlikdə informasiyanın yoxa çıxması paradoksunun həllinə dair öz fikrini irəli sürüb. Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bu günkü günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur, o, həmçinin qara dəliklərin araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atıb. Hokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, fəza və Enşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi söz açırlar.
 
RePost.Az

Baxış sayı: 3751 | Tarix: 14.03.2018
Bizi Telegramda izləyin: @repostaz