Bakıda qadına evində təcavüz etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Camal Xudiyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
RePost.Az “publika.az”a istinadən xəbər verir ki, Camal Xudiyev 2016-cı il sentyabrın 2-də, saat 13-da tanışı Əşrəf ilə birlikdə, digər tanışları Eldarın təklifi ilə Nizami rayonunda yaşayan rus əsilli yaşlı qadın Olyanın evinə su kranını və su qızdırıcısını təmir etmək üçün gediblər.
 
Təmir işlərini bitirdikdən sonra onlar yeyib-içmək qərarına gəliblər və zərərçəkənin mənzilində spirtli içki qəbul ediblər. Sərxoş vəziyyətdə olan Camal Xudiyev qadının yataq otağına keçərək onun əl-qolunu tutub və Əşrəfin onu zorlamasına şərait yaradıb.
 
Qadın döyüldü, sonra yenə də təcavüz edildi
 
Əşrəf qadını zorlayandan sonra otaqdan çıxıb. Sonra Camal Xudiyev köməksiz vəziyyətdə olan qadınla intim əlaqədə olub.
 
Olya Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmək istəyəndə Camal Xudiyev mobil telefonunun onun əlindən alıb və batareyasını çıxarıb. Sonra isə hər ikisi qadını döyərək onunla zorla cinsi əlaqədə olublar.
 
Bir nəfər tutuldu, iki nəfər axtarışda...
 
Olyanın şikayət etməsindən sonra Camal Xudiyev həbs edilib. Cinayətin digər iştirakçıları ölkədən qaçdığı üçün onların barəsində axtarış elan edilib.
 
İstintaq orqanı tərəfindən Camal Xudiyevin barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama törətmək) maddəsi ilə cinayət işi başlanıb.
 
“Sərxoş olanda cinsi əlaqədə olmağı təklif etdi”
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyada baxılıb. Qapalı keçirilən iclasda ifadə verən Camal Xudiyev bildirib ki, qadının evində yeyib-içiblər: “Qadın da bizimlə yeyib-içdi. Sonra sərxoş olanda onunla cinsi əlaqədə olmağı təklif etdim. O da təklifimə etiraz etmədi. Birlikdə yataq otağına keçdim. Onunla cinsi əlaqədə oldum”.
 
Zorlanan qadın şikayətçidir
 
Camal Xudiyev zorlama ittihamını qəbul etməyib və bildirib ki, ona düzgün ittiham verilməyib. İş üzrə zərərçəkmiş qadın da ifadə verib.
 
O, evinə gələn ustalar tərəfindən təcavüzə məruz qaldığını bildirib. Yaşlı qadın təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.
 
7 il cəza
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Camal Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.
 
Camal Xudiyev şikayətində günahsız olduğunu, şərləndiyini göstərib. O, apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
 
Bəraət istəyi alınmadı
 
Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrlik etdiyi kollegiyada Camal Xudiyevin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
 
Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Camal Xudiyevin apelyasiya şikayəti təmin olunmayıb.
 
Bu qərardan narazı qalan Camal Xudiyev kasasiya şikayəti verib. Camal Xudiyev kasasiya şikayətində göstərib ki, Olya ilə cinsi əlaqədə olsa da, istintaq orqanı ittihamın əsasını təşkil edən zərərçəkmiş şəxsin ifadəsini istədiyi formada alıb.
 
“Zorakılıq olmayıb”
 
Camal Xudiyevin qeydlərinə görə, əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri mövcud deyil: “Zərərçəkən şəxs bildirir ki, onunla cinsi əlaqədə olarkən ona qarşı hər hansı bir müqavimət göstərməmişəm, heç bir etiraz etməyib. Etiraz etməməyinin səbəbi kimi, qorxması, içkili olması kimi göstərdiyi hallar isə istintaq orqanının məhsuludur, istər canlı şəxsin ekspertizası, istərsə də kompleks məhkəmə bioloji və trasoloji ekspertizaların rəyləri ilə tanış olarkən mənə qarşı zərərçəkmiş şəxs tərəfindən hər hansı bir müqavimət göstərmə əlamətləri, həmçinin zərərçəkmiş şəxsə qarşı hər hansı bir fiziki zor tətbiq etmə əlamətləri aşkarlanmayıb”.
 
Ali Məhkəmə də “yox” dedi
 
Camal Xudiyev qeyd olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
 
Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin kasasiya şikayətinin dəlilləri araşdırılıb. Sonda kasasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib.
 
RePost.Az

Baxış sayı: 2459 | Tarix: 03.08.2018
Bizi Telegramda izləyin: @repostaz