Son günlər sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində uşaq oğurluğu ilə bağlı məlumatlar yayılır.
 
RePost.Az xəbər verir ki, yayılan məlumatlarda bir neçə nəfərin məktəblərdə uşaq oğurluğu ilə məşğul olması barədə bildirilir.
 
Valideynlərə xəbərdarlıq edilir ki, milliyətcə rus olan qadın və kişi məktəb yaxınlığında gəzişirlər. Onlar uşaqları oğurlayır və onların orqanları çıxarıb satırlar.
 
Məsələyə münasibət bildirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, hazırda ölkədə uşaq oğurluğu ilə bağlı heç bir cinayət qeydə alınmayıb.
 
Onun sözlərinə görə, sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir.
 
“Bu cür məlumatlar şayiə və dezinformasiyadan başqa bir şey deyil. Uşaq oğurluqları ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb. Respublikanın heç bir yerində belə fakt qeydə alınmayıb”, - deyə Orxan Mansurzadə bildirib.
 
DİN rəsmisi bir daha vətəndaşlara müraciət edərək bildirib ki, əgər hansısa qanun pozuntusu və cinayətlə rastlaşan olsa, mütləq bununla bağlı polisə müraciət etsin.
 
“Biz dəfələrlə qeyd etmişik, ictimaiyyətə bildirmişik ki, vətəndaşlar qarşılaşdıqları, üzləşdikləri istənilən hüquq pozuntuları, cinayət xarakterli hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” Xidmətinə məlumat versinlər. Qarşılaşdıqları problemlərlə bağlı aidiyyəti üzrə polis orqanlarına müraciət etsinlər”.
 
Orxan Mansurzadə onu da vurğulayıb ki, əhali arasında əsassız olaraq çaşqınlıq, qorxu abu-havası yaradanlar məsuliyyət daşıyırlar:
 
“Təxribat xarakterli belə məlumatların bilərəkdən, müvafiq dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparılmadan yayılması yolverilməzdir. Kütləvi informasiya azadlığından bu formada sui-istifadə müəyyən hüquqi məsuliyyət də doğurur”.
 
RePost.Az

Baxış sayı: 2440 | Tarix: 12.10.2018
Bizi Telegramda izləyin: @repostaz