Ürəyin işemik xəstəliyi tac arteriyalar sistemində pataloji proses nəticəsində miokardın qanla təchizatının azalması və kəsilməsi ilə əlaqədar ürək əzələsinin kəskin və xroniki zədələnməsidir.

 

Ürəyin işemik xəstəliyinin əsas səbəbi ürəyin tac damarlarının aterosklerozudur. Belə hal miokard infarktından ölmüş xəstələrin 90% -də təsadüf edilir. Bəzi hallarda Ürəyin işemik xəstəliyinin aydın klinikası zamanı koronaroqrafik və pataloqanatomik araşdırmalarda koronar damarlarda heç bir üzvi dəyişiklik aşkar edilmir.

 

Etiologiyası

 

Ürəyin işemik xəstəliyibi əmələ gətirən daxili və xarici risk faktorları mövcuddur. Onlar 30-dan çoxdur. Əsas risk faktorları: arterial hipertoniya, hiperxolesterinemiy, şəkərli diabet, siqaret çəkmə, az hərəkətli həyat tərzi, əsəb gərginliyi. Bu faktorların bir neçəsinin birlikdə müşahidə olunması ürəyin işemik xəstəliyinin əmələ gəlməsi ehtimalını artırır.

 

Patogenezi.

 

Ürək əzələsinin oksigenə tələbatı koronar damarlar tərəfindən ödənilməkdə miokardın işemiyası baş verir. Ürək əzələsinin oksigenə tələbatı miokardın yığılma tezliyi, ürəyin ölçüləri və arterial təzyiqin dəyişməsindən asılı olur. Bu göstəricilərin hər hansı birinin artması miokardın oksigenə tələbatını artırır. Normal halda ürəyin işi beş dəfə artmış olduqda rezerv imkanlar hesabına miokard qanla normal təchiz oluna bilər.

Ürək əzələsinin qanla təchizatı müxtəlif faktorlar əsasında pozula bilər ki, bu zaman miokardın oksigenə tələbatı artır və ya miokardın qanla təchizatı azalır. Bu faktorlara aşağıdakılar aiddir:

 

1)Koronar arteriyaların zədələnməsi nəticəsində - bu zaman ürəyin işemik xəstəliyinin inkişaf mexanizmi koronar arteriyaların miokardın oksigenə tələbatını ödəyə bilməməsindən ibarətdir.

 

2)Koronar damarlar zədələnmədikdə, bu zaman ürəyin işemik xəstəliyinin mexanizminin əsasını ürək əzələsinə gələn qanın azalması təşkil edir. Belə xəstələrdə miokarda gələn qanın azalması koromar arteriyaların spazmı nəticəsində baş verir.

 

3)Xəstələrin çoxunda tac damarların aterosklerozu ilə angiospazma birlikdə təsadüf olunur. Ateroskleroz zamanı koronar damarların spazmı ehtimalı yüksəlmiş olur. Belə hallarda ürəyin işemik xəstəliyinin mexanizmi qarışıq olur: miokardın oksigenə tələbatının artması və miokarda gələn qanın azalması. Ürəyin  işemik xəstəliyinin  patogenezində mikrosirkulyasiyanın pozulması və qanın tərkibinin dətişilməsi əsas rol oynayır. Trombositlərin aqreqasiyası koronar damarların mənfəzinin qismən və ya tamamilə tutulmasına səbəb ola bilər. Həmin  trombosit vazoaktiv maddə ifraz edir ki, bunun nəticəsində damarların spazmı və qanın qatılaşması baş verir.

 

Patoloji anatomiyasi.

 

Tac damarlar daxilində artrosklerotik düyünlər və dəyişikliklər aşkar edilir. Bəzən isə üzvi dəyişikliklər aşkar edilmir. Bu bir daha xəstəliyin funksional mənşəli olduğunu təsdiq edir.

 

Klinik formaları.

 

Klinikadan asılı olaraq, ürəyin işemik xəstəliyi bir neçə klinik forması ayırd edilir.

 

1)Qəfləti ölüm

2)Stenokardiya

3)Miokard infarktı

4)İnfarktdan sonrakı kardioskleroz

5)Ürək ritminin pozulması

6)Ürək çatışmazlığı

7)İşemiyanın lal forması

 

Ürəyin işemik xəstəliyinin əsas və tez-rez rast gələn klinik forması -stenokardiyadır. “Klassik” stenokardiya tutması döş sümüyü arxasınca sıxıcı və basıcı ağrılarla özünü göstərir, ağrı sol qola, sol çiyinə, sol kürəyə irradiasiya edir. Ağrı fiziki gərginlik zamanı əmələ gəlir, sakitlik verdikdə və ya nitroqıiserin qəbulundan sonra keçir. Ancaq stenokardiya tutmaları əksər hallarda xəstələr tərəfindən tipik ağrı kimi yox, xoşagəlməz duyğu kimi qəbul edilir ki, bu zaman ağrı  sıxılma, göynəmə, yandırma və hətta təngnəfəslik hissləri kimi xarakterizə olunur.

 

Dr. Ellada Qardaşova

Terapevt-kardioloq

 


Baxış sayı: 2878