“Final görüşü çox dramatik keçdi. Gərgin mübarizənin sonunda qalib gəldim. Çox sevincliyəm. Azərbaycana daha bir qızıl medal bəxş etdim. Allaha şükürlər olsun”.
 
RePost.Az-ın xəbərinə görə, bunu MDB Oyunlarında qızıl medal qazanan Azərbaycan samboçusu Elvin Bağırov deyib.
 
64 kq çəki dərəcəsində Özbəkistan idmançısına qalib gələrək çempion olan idmançımız final görüşündə həyəcanlı olduğunu bildirib:
 
“Belə mübarizədə həyacanın olması normaldır. Son saniyələrdə məşqçi deyirdi ki, vaxta az qalıb və hər şey yaxşı olacaq. Yaxşı da oldu. Bu rəqiblə əvvəllər qarşılaşmamışam. Rəqibin çox güclü olduğunu bilirdim. Asiya Oyunlarının qalibidir. Qalib gəldiyim üçün çox sevincliyəm”.
 
Elvin yarımmfinalda məğlub etdiyi Ermənistan təmsilçisi Aram Ağacanyanın da güclü idmançı olduğunu sözlərinə əlavə edib: “Onu 2:1 hesabı ilə məğlub etdim. Bu idmançı ilə ilk dəfə üz-üzə gəlirdim. Daha əvvəl Avropa çempionatında da başqa ermənini məğlub etmişəm”.
 
Qeyd edək ki, bu gün Azərbaycanın üç samboçusu erməni rəqiblərinə qalib gəlib. Həmçinin Elvin Bağırovdan başqa, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) qızıl, Adil Adilzadə (88 kq) bürünc medal qazanıb.

Baxış sayı: 3466 | Tarix: 08.09.2021
Bizi Telegramda izləyin: @repostaz