Əkinçilərin və onlara dəstək verən on minlərlə şəhər əhalisinin susuzluğa və hökumətin Zayəndərud çayının qurudulmasına biganə qalmasına qarşı dinc etirazları repressiv  rejim qüvvələri tərəfindən qana boyanıb.
 
Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, dünən səhər saatlarından Zayəndərud çayının yanındakı Xacu körpüsü ətrafında toplaşan on minlərlə əkinçinin dinc etirazları hökumətin silahlı və əli dəyənəkli qüvvələrinin hücumuna məruz qalıb.
 
Polis, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələri əkinçilərin dinc etirazının qarşısını almaq üçün misli görünməmiş vəhşilik və qəddarlıq nümayiş edərək, yaşından asılı olamaraq zəhmətkeş əkinçiləri vəhşicəsinə döyüblər.
 
Lakin onların müqavimətini görən hökumət qüvvələri odlu silahdan dinc etirazçılara atəş açıblar. Atəş nəticəsində çoxlu əkinçi polisin atdığı saçma güllələrdən ağır bədən xəsarəti alıblar.
Hökumət qüvvələrinin vəhşiliyini görən əkinçilər və onlara dəstək verən İsfahan əhalisi bu dəffə birbaşa İran lideri axund ƏLi Xamneyiyə və molla rejiminə qarşı şüarlar səsləndiriblər.
 
Bildirilir ki, “Xamneyiyə ölüm”, “Diktarora ölüm”, “Bu boyda millət qoşunu rəhbərlə döyüşməyə gəlib”, “Ey qeyrətli isfahanlı bizə dəstək ver”, “Həmvətən ayağa qalx İran Fələstinə dönüb”, “Zayəndərud çayının suyu qaytarılmayana qədər evlərimizə qayıtmayacağıq” və bu kimi şüarlar səsləndirən etirazçılar, hökumətdən zəhmətkeş əkinçilərə odlu silahlardan atəş açmaq əvəzinə onların problemlərini həll etməsini tələb ediblər.
 
Yayılan məlumata əsasən, əkinçilərin dinc etirazları axşam saatlarına qədər davam edib, polis qüvvələrinin dəyənəkli hücumuna məruz qalan bir çox etirazçı başından aldığı dəyənək zərbəsi nəticəsində qana boyanıb.
 
Etirazlarda ən azı 120 əkinçinin həbs edilərək naməlum istiqamətə aparıldığı bildirilir. 
 
Məlumatda həmçinin vurğulanır ki, dünən səhərdan axşama qədər dinc etirazçılara qarşı qanlı repressiyalar davam etdiyi müddətdə İsfahanda və bir sıra digər bölgələrdə internet xətləri rejim tərəfindən kəsilib.
 
Hazırda İsfahanda vəziyyətin çox gərgin olduğu qeyd edilir. 

Baxış sayı: 3314 | Tarix: 27.11.2021
Bizi Telegramda izləyin: @repostaz