"Cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir".

Bu barədə RePost.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd olunub ki, son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıması, o cümlədən Vaşınqton, Paris, Beyrut və digər şəhərlərdə səfirliklərimizə qarşı törədilən hücumlar və vandallıq aktlarının ciddi narahatlıq doğurur: "Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkənin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir. Bununla bağlı olaraq, baş vermiş hər bir insidentlə əlaqədar müvafiq araşdırmanın aparılması və səfirliklərimizin, eləcə də diplomatlarımızın təhlükəsizliyinin lazımı səviyyədə təmin edilməsi tələbini bir daha vurğulayırıq.

Xatırladırıq ki, Ermənistan 1991-ci ildə müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycanın ərazilərinin işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmiş, habelə Bakı şəhərində terror aktları törətmişlər. Məlum olduğu kimi, dünyanın müxtəlif ölkələrində çalışan 24 türk diplomatı erməni terrorunun qurbanı olmuşdur".

"Təəssüflə qeyd edirik ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir.

XİN xarici ölkələrdəki radikal qüvvələrin Azərbaycan diplomatik nümayəndəliklərinə, diplomatlara və onların mülklərinə qarşı yönələn və nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını tələb edir. Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə qarşı edilən hücumlarla bağlı aparılan istintaq tədbirləri XİN-in nəzarətində saxlanılacaq", - nazirlikdən qeyd olunub.


Baxış sayı: 4321 | Tarix: 12.10.2022
Bizi Telegramda izləyin: @repostaz