Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtın 9 küçə və prospektinin layihələndirilməsi həyata keçirir. Yeni layihəyə əsasən Nobel, Xocalı və Babək prospektlərində, Mikayıl Əliyev, Yusif Səfərov, Fizuli küçəsi və digər küçələrdə xüsusi avtobus zolaqları salınır.
 
Bu yollara avtobuslardan başqa digər nəqliyyat vasitələrinin daxil olması qadağandır və yola daxil olan nəqliyyat vasitələri cərimələnə bilərlər. Sputnik Azərbaycan-ın əməkdaşı cərimənin hansı hallarda tətbiq olunacağını araşdırıb.
 
BNA-nın mətbuat xidmətinin rəhbəti Mais Ağayev bildirib ki, bu xüsusi zolaqlar 3 və daha çox hərəkət zolaqları olan yollarda salınır: "Biz çalışırıq ki, harada imkan varsa, orada bu zolaqları salaq. İlkin mərhələdə 9 ünvan müəyyən olunub. Nobel, Xocalı və Babək prospektləri, Mikayıl Əliyev, Yusif Səfərov, Fizuli küçəsi və bir neçə digər küçələrdə avtobus yolları çəkiləcək. İki zolaqlı və dar yollarda isə belə avtobus yollarının salınması nəqliyyat ekspertlərinin məsləhəti ilə həyata keçiriləcək".
 
Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, bu zolaqlarda avtobuslar bir-birini ötə bilməz: "Bu halda avtobus sürücüləri cərimə olunacaq və müvafiq tədbirlər görüləcək".
 
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib ki, bu avtobus yolları ictimai nəqliyyat vasitələrinin rahat və sərbəst hərəkət etməsi üçün nəzərdə tutulub: "Bu da sərnişinlərin vaxtında ünvana çatması üçündür. Nəqliyyat vasitələrindən başqa heç kim bu yollardan istifadə edə bilməz. Əks halda cərimələnəcəklər".
 
"Yol nişanının tələbinin pozulmasına görə 40 manat nəzərdə tutulur. Həmin zolaqda dayanmaq və durmaq olmaz. Bu zolağa giriş-çıxış yalnız avtobus sürücüləri üçün nəzərdə tutulub" — DYP sözçüsü vurğulayıb.
 
V. Əsədov onu da bildirib ki, dünya praktikasında xüsusi avtobus zolağı var: "Biz də şəhər küçələrində bunu tətbiq edərək, sərnişinlərin rahat hərəkət etməsinə şərait yaratmağa çalışırıq".
 
RePost.Az
 

Baxış sayı: 2687 | Tarix: 28.03.2017
Bizi Telegramda izləyin: @repostaz