Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və Rahim Həsənovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri Təranə Səmədova və Rahim Həsənovun hadisəni törədərkən anlaqsız olduqlarını deyiblər.
 
Vəkillər bildirib ki, təqsirləndirilən şəxslərin psixi durumu yoxlanmalıdır. Müdafiəçilər, bu məqsədlə hər iki şəxsin psixoloji ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb.
 
Vəsatət təmin olunub, T. Səmədova və R. Həsənovun psixoloji tibbi ekspertizaya göndərilməsi qərara alınıb.
 
Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
 
Qeyd edək ki, 2022-ci ilin dekabrında Rahim Həsənov hədə-qorxu gələrək pul tələb etmə ittihamı ilə saxlanılıb.
 
İstintaqın gedişatı zamanı prodüser Təranə Səmədovanın da cinayət işi üzrə təqsirli olmasına şübhələr müəyyən edilib və istintaqa cəlb olunub.
 
Təranə Səmədova və Rahim Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Təranə Səmədova 2017-ci ildə insan alverində ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum olunub.
 
2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il anunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, onun barəsində 400 manat cərimə cəzası təyin edib, sərbəst buraxıb.

Baxış sayı: 21991 | Tarix: 26.10.2023
Bizi Telegramda izləyin: @repostaz