Dünən 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum" markalı maşınla adam öldürən şəxsin 14 yaşlı yeniyetmə olması cəmiyyətdə rezonansa səbəb olub.
 
Ağaəli Fərəclinin iş adamı olan atası Füzuli Fərəcov hələ avtomobil sürmə yaşında olmayan oğluna maşını necə etibar etməsi ilə bağlı sualdan yayınsa da, məsələ həm sosial şəbəkələrdə, həm də mətbuatda gündəm mövzuya çevrilib. Yeniyetmənin bahalı avtomobili ilə Heydər Əliyev prospektində avtoxuliqanlıq etdiyini göstərən videogörüntülər isə məsələni bir az da şişirdib.
 
Bakipost.az-ın əməkdaşı məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxlayıb. V.Əsədov bildirib ki, 14 yaşlı uşağa avtomobil idarəetməni etibar edən şəxs məsuliyyətə cəlb edilməlidir: "Qanunda qeyd edilir ki, sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil idarəetməni etibar edən məsuliyyətə cəlb olunur. 14 yaşlı uşağın valideyni və onun sürdüyü avtomobil var. O avtomobilin kimə məxsus olması araşdırılacaq. Həmin şəxsi də cəzalandırıb, ona protokol tərtib edəcəklər. Ən azından qanunvericilikdə verilən tələblər əsasında məsuliyyət tətbiq ediləcək".
 
Vaqif Əsədov hesab edir ki, ictimai qınaq medotlarından da istifadə etmək lazımdır: "O azyaşlının valideynlərinin kim olub-olmamasından asılı olmayaraq təbliğat işlərini genişləndirmək lazımdır. Əlbəttə ki, belə bir hərəkət etirazla qarşılanmalıdır. Kim olmasından asılı olmayaraq, buna don geyindərməyə çalışmayaq. Çünki yayılan videoda sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Təbii ki, aidiyyəti üzrə də tədbir görüləcək".
 
Qeyd edək ki, iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcli maşınla 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçıb. O, qəzanı 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum" markalı avtomobillə törədib. 24 yaşlı Xəyalə Məmmədova yerindəcə dünyasını dəyişib.
 
 "14 yaşlı uşağı həbs edərlər? 
 
Hadisəni törədərək qaçan şəxs iş adamı Füzuli Fərəcovun oğlu Ağəli Fərəcovdur. F.Fərəcov hadisə ilə bağlı unikal.org-a danışıb.
 
O, bildirib ki, hazırda araşdırma aparılır: "Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.
 
Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, "14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?...”-deyə qeyd edib.
 
"Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?”- Sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.
 
RePost.Az
 


Baxış sayı: 2858 | Tarix: 04.05.2017
Bizi Telegramda izləyin: @repostaz