"Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm: Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”


Bu gün Azərbaycanda 28 May- Cümhuriyyət günü qeyd olunur.

1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib. Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edib.

Cümhuriyyət 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar gerçəkləşdirmiş, müstəqil dövlətin atributlarını formalaşdırmışdı. Ermənistanın təcavüzünə cavab vermək üçün Müdafiə naziri Mehmandarov və Şıxlınskinin rəhbərliyi ilə az müddət ərzində Azərbaycan Milli Ordusu yaradıldı. Bu ordu 1920-ci ilin yazında Zəngəzurda uğurlu hərbi əməliyyat keçirərək qırğınların qarşısını aldı.

Şərqdə ilk dəfə olaraq parlament yaradıldı. Millətin öncül nümayəndələri, ziyalılar, siyasi xadimlər parlamentdə təmsil olundu.

1918-ci ilin mart qırğınları ilə bağlı araşdırma komissiyası formalaşdırıldı. Bu komissiyanın tədqiq etdiyi materiallar azərbaycanlıların Xalq Komissarlar Soveti tərəfindən kütləvi şəkildə məhv edildiyi faktlarını aşkarladı.

Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Versal sülh konfransına qatıldı. Onların səyi nəticəsində Birinci Dünya müharibəsinin qalibi olmuş Antanta dövlətləri Azərbaycanın de-fakto müstəqilliyini tanıdı.

Parlamentdə Müsavat fraksiyasının lideri Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə Bakı Dövlət Universiteti yaradıldı. Cümhuriyyət hökuməti maddi çətinliklərə baxmayaraq, yüz nəfər tələbəni xaricə təhsil almağa göndərdi.

Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəylinin baş nazirliyi ilə demokratik prinsiplər əsasında beş dəfə hökumət formalaşdırıldı. Bu hökumətlər müstəqil dövlətin siyasi-iqtisadi əsaslarını möhkəmləndirmək üçün fəaliyyət göstərirdi.
 

1920-ci il aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində isə Cümhuriyyət süqut edib. AXC-nin yaradıcıları xaricə mühacirət etməyə məcbur edildi. Baş nazirlər F.Xoyski, N.Yusifbəyli qətlə yetirildi, digər görkəmli dövlət xadimlərinin ailələri və yaxınları repressiyalara məruz qaldılar.

71 il sonra isə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib.

Müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin hüquqi varisidir və bu gün Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.

Respublika Günü Azərbaycanda 1990-cı ildən dövlət bayramı kimi qeyd edilir.


Baxış sayı: 3029 | Tarix: 28.05.2017
Bizi Telegramda izləyin: @repostaz