Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacı və qardaşı öldürən, analarına xəsarət yetirməkdə ittiham olunan Astara rayonu, Kərkivan kənd sakini, 20 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. RePost.Az Virtualaz.org saytına istinadən xəbər verir ki, prosesə hakim Faiq Qəniyev sədrlik edib.
 
Qeyd edək ki, bu il aprelin 2-də gecə təxminən saat 1-də Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
 
Hadisə bu həyətdə törədilib
 
Təqsirləndirilən Azər Cəfərov istintaq zamanı ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş Lətifə Məmmədovanın onun həyat yoldaşı Miranə Səmədovanın doğma xalası olduğunu, oğlanları Samir, Fərid, Saqil və qızı Fəridə ilə birlikdə yaşadığını deyib: “Qonşuluqda yaşayırdıq. Gediş-gəlişimiz vardı. Hadisə günü idarə etdiyim avtomaşınla əvvəlcə Əmircan qəsəbəsinə gedib, arvad-uşağımı anamgilə qoydum. Həyətimizin arxa tərəfində hasar üçün taxtaları daşımaq lazım olduğundan Lətifənin oğlu Saqili çağırdım ki, mənə kömək etsin. Saqil də mənə kömək etdi”.
 
“Lətifənin oğlunun pul yığdığını bilridim”
 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, maddi imkanı ağır olub. O, idarə etdiyi avtomaşının icarə haqqını ödəyə bilməyib, övladı xəstə olduğu üçün, həmçinin borclarını qaytarmaq məqsədilə pula ehtiyacı olub:
 
"Pula ehtiyacım vardı. Lətifənin böyük oğlu Samir yenicə işə qəbul olmuşdu, Bir neçə dəfə pul yığdığını demişdi. Onların evlərində 5 min manata yaxın pul olduğunu guman edirdim. Bu pulu əldə etmək üçün iki gün düşündüm. Saqil bizim həyətdə işləyəndə fikirləşdim ki, əvvəlcə onu aradan götürüm ki, mənə mane olmasın”.
 
“Əl-qolunu bağladıqdan sonra meyiti maşının yük yerinə qoydum”
 
A.Cəfərov həyətdə taxta daşımaqda ona köməklik göstərən Saqili qəflətən taxta parçası ilə vurub. Yeniyetmə aldığı zərbənin təsirindən huşunu itirib. Bunu görən A.Cəfərov onun ayaqlarını, əllərini, boğazını kəndirlə bağlayıb və maşının yük yerinə qoyub:
 
”Saqil nəfəs almırdı, onun öldüyünə əmin oldum. Lətifənin evinə doğru gedərkən qarşıma oğlu Fərid çıxdı. Fərid məni evlərinə dəvət etdi. Lətifə ilə qızı Fəridə də evdə idi. Birlikdə yemək yedik. Lətifə məndən oğlu Saqilin harada olduğunu soruşdu. Yalandan dedim ki, Saqil bizdədir. Sonra Fəridlə birlikdə çölə çıxdım. Fərid dostu ilə birlikdə söhbət edə-edə evdən uzaqlaşdı. Mən isə “Saat” adlanan yerin yanından geri dönərək avtomaşını saxladığım yerə qayıtdım və bıçaq götürüb yenidən Lətifənin evinə gəldim”.
 
“Zərbənin təsidirndən Fəridə yıxılıb qaldı”
 
A.Cəfərov gecə saatlarında giriş qapısını döyüb. Qapını onun üzünə ev sahibəsi açıb. İlk zərbəni qapı ağzında dayanan ev sahibəsinə endirib. Bıçaqla boynuna bir neçə dəfə vurub. Lətifənin qışqırıq səsinə qızı Fəridə çölə çıxıb. O, anasının qan içində olduğunu görüncə qışqırmağa başlayıb:
 
”Lətifəni bıçaqla vuranda elə bildim ki, öləcək. Çünki yerə yıxılanda xırıldayırdı. Mən vaxt itirmədən Fəridə Qasımovanın üzərinə hücum edib, onu da bıçaqla boğazından vurdum. Fəridə yıxılıb qaldı, tərpənmədi. Onu tutub həyətə çıxartdım. İstəyirdim ki, evdən pulu götürüb tez çıxım. Çarpayının üstündəki pul qabını götürüb baxdım, 207 dollar və təxminən 250 manat pul var idi. Pulları götürüb cibimə qoydum və mənzildən çıxdım”.
 
“Elə bilirdi ki, zarafat edirəm”
 
Hadisədən sonra A.Cəfərov əvvəl yanacaqdoldurma məntəqəsinə, oradan isə Əmircan qəsəbəsinə gedib. Həyətdə qana bulaşmış əllərini yuyub:
 
“Həyat yoldaşıma bu haqda heç nə demədim. Arvadımın bibisi oğlu Abdulrəhmana törətdiyim hadisə barədə danışdım. Abdulrəhman məndən Saqili hara qoyduğumu soruşdu. Ona Saqili vurduqdan sonra qəbiristanlığa atdığımı dedim. Hadisə barədə Abdulrəhmandan başqa heç kimə danışmadım. Abdulrəhman da mənim zarafat etdiyimi fikirləşdi".
 
İki övladı öldürülən ana
 
Zərərçəkmiş şəxs qismində dindirilən Lətifə Məmmədova ifadəsində həyat yoldaşının 8 il əvvəl rəhmətə getdiyini, dörd övladı ilə birlikdə yaşadığını göstərib:
 
“Azər Cəfərov bacım Məhəbbətin qızı Miranənin əridir. Azəri təxminən bir ilə yaxındır ki, tanımışam. Ailəsi ilə birgə bacımın evində yaşayırdı. Münasibətimiz normal idi. Azərin ailəsi ilə heç bir mübahisəmiz olmayıb. Hadisə baş verən gün Azər bizə gəlib həyətdəki taxtaları səliqəyə salmağa köməklik etməsi üçün Saqili özü ilə apardı. Bir saatdan sonra tək qayıtdı, oğlumla süfrə arxasında oturub yemək yedi. Oğlumu soruşanda dedi ki, həyətdə oynayır. Ona görə də, şübhələnmədim. Sonra Fəridlə birlikdə evdən çıxdılar”.
 
“Məni öldürməyə çalışırdı, boğurdu”
 
Zərərçəkmişin ifadəsinə görə, Azər yenidən qayıdaraq ona həyətdə ucuz qapı satıldığını deyib: “Evin otaqlarından birinin qapısı yox idi. Ona görə də, çıxdım ki, baxım. Azərin məni arxadan nə ilə vurduğunu görmədim, yerə yıxıldım. Azər məni öldürməyə çalışır, boğazımdan yapışıb boğurdu. Həmin vaxt huşumu itirdim, gözlərim görmürdü, özümdə deyildim. Bir qədər sonra özümdə güc tapıb sürünə-sürünə evin qapısına tərəf getdim. Evin qapısını çəkən vaxt oğlum Samiri gördüm. Samir təcili yardım çağırdı, məni xəstəxanaya apardılar”.
 
L.Məmmədova nə özünün, nə də ailəsinin Azərlə heç bir münaqişəsi, düşmənçiliyi olmadığını deyib: “Azərin məni öldürmək istəməsinin səbəbini bilmirəm. Evdən 207 dollar və 242 manat pul götürüb. Mənim evimdə qiymətli əşya yoxdur. Qızıllarımı lombarda qoymuşam. Oğlum Samirin bir az pulu olub. Azər heç vaxt məndən pul istəməyib. Azər məni həyətə çağıranda qızım evdə idi”.
 
Cinayət işi üzrə məhkəmə baxışı davam edir.
 
RePost.Az

Baxış sayı: 2839 | Tarix: 17.08.2017
Bizi Telegramda izləyin: @repostaz