Laçın rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev özünün feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.
 
Sonradan ünvanına səsləndirilən tənqidlərə cavab verən F.Tanirverdiyev "Azərbaycanda söz azadlığıdır, hərə ağzına gələni danışır. Mən də olanı danışmışam. Mənim dediklərim separatçılıq deyil, söz azadlığıdır” –deyə bildirib.
 
RePost.Az xəbər verir ki, dövlət məmurunun açıqlamasını şərh edən millət vəkili Fazil Mustafa deyib ki, Tanirverdiyev adlı Azərbaycan vətəndaşının bu açıqlaması bu Vətəni canı qədər sevən, bu dövlətin varlığını qorumaq üçün hər cür fədakarlığa hazır olan insanlardan biri kimi onu o qədər də üzməyib. "Heç olmazsa adam danışaraq hansı təhlükəli düşüncənin mövcudluğu barədə bizləri xəbərdar etdi. Bir daha başımıza döyəclədi ki, dövlət orqanlarımızın içinə bu cür separatçı güclər hansısa əllərin köməyi ilə yerləşə biliblər. Bu məsələyə hüquq-mühafizə orqanlarımız sözsüz ki, prinsipial münasibət bildirdilər və lazımi tədbirləri görəcəklər. Ancaq ermənilərin ordumuz içində agentura şəbəkəsinin ifşasından az keçmiş belə bir təhlükəli mesajın verilməsi bir daha göstərdi ki, vəziyyət ürəkaçan deyil. Azərbaycanda hər bir xalqın təmsilçisinin öz xalqını sevməyinə kimsə irad səsləndirə bilməz. Bu bir təməl insan haqqıdır. Ancaq həm Türkiyənin, həm də Azərbaycanın əleyhinə olan böyük güclərin bu layihəsini sevinclə qarşılamaq Azərbaycana və Türkiyəyə qarşı nifrəti ortaya qoymaqdır. Həm də məsul vəzifə tutan bir məmurun bunu açıq şəkildə etməsi hamımızı dərindən düşündürməlidir".
 
RePost.Az

Baxış sayı: 2497 | Tarix: 26.09.2017
Bizi Telegramda izləyin: @repostaz