“Urmu gölü hələ də böhran içindədir. Dövlət gölün canlandırılması ilə bağlı gözləndiləri doğrultmadı”. RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, bu sözləri Qərbi Azərbaycandan Üləmalar Məclisinə seçilən Cavad Müctehid Şəbistəri bildirib. 
 
Onun sözlərinə görə, gölün canlandırılması ilə bağlı bəzi işlər görülüb, buna baxmayaraq heç bir ciddi nəticə əldə olunmayıb. Urmu Gölünü Canlandırma Mərkəzinin yaranan böhranı elmi şəkildə araşdırması önəmlidir. Elə bu məqsədlə su, kənd təsərrüfatı və ətraf mühit sahəsində mütəxəssis olan İsa Kəlantəri, Mərkəzə katib kimi seçilib. Lakin yenə də göldə böhran davam edir və suyun səviyyəsi tarazlığı və miqdarı ötən illə müqayisədə daha da aşağı düşüb.
 
Üləmalar Məclisinin üzvü əlavə edib ki, seçkilər dönəmində Urmu gölü məsələsindən sui-istifadə olunub. Bəziləri yağıntılar nəticəsində, göldə müşahidə olunan müsbət dəyişikliyi, hökumətin və Urmu Gölünü Canlandırma Mərkəzinin fəaliyyəti ilə əlaqələndirib. Həqiqət isə budur ki, Urmu gölündə böhran olduğu kimi davam edir və onun ətrafında yaşayan insanları ciddi təhlükə gözləyir. Bu arada Şərqi Azərbaycanın yeni təyin edilmiş valisi Məcid Xudabəxş Urmu gölündə vəziyyətin yaxşılaşdırılmasına təkid edib. “Göl yenidən canlandırılmalı və ekoloji tarazlıq səviyyəsinə çatdırılmalıdır. Bu barədə cənab İsa Kəlantəri ilə də söhbət olunub. Biz əyalətin millət vəkilləri ilə birlikdə Urmu gölünə ayrılan büdcə vəsaiti məsələsini boş buraxmamalıyıq”- deyə Xudabəxş bəyan edib.
 
RePost.Az
 

Baxış sayı: 3846 | Tarix: 27.09.2017
Bizi Telegramda izləyin: @repostaz