Daha bir taksi sürücüsü içərisi sərnişin dolu avtobusun qəza törətməyinə səbəb olacaqdı.
 
Bu barədə RePost.Az “Bakubus” MMC-nin mətbuat katibi Mənsur Piriyev məlumat verib.
 
 
Onun sözlərinə görə, hadisə oktyabrın 16-sı saat 14:00-da 3 nömrəli xətt üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JH-287 dövlət qeydiyyat nişanlı avtobusun İnşaatçılar prospektindən Şəhidlər Xiyabanı istiqamətə hərəkət edərəkən baş verib.
 
"Təqdim olunan görüntüdə taksi sürücüsünün yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, həm özünün həm də avtobusda olan onlarla sərnişinin həyatını təhlükəyə atdığının şahidi oluruq.
 
Taksi sürücülərinin avtobusların dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Ancaq yol hərəkəti zamanı taksi sürücülərinin xüsusən ötüb keçmə və dönmə əməliyyatları zamanı tələskənliyi ictimai nəqliyyat üçün böyük təhlükələr yaradır.
 
Videodan aydın görünür ki, taksi sürücüsü avtobusu gözləməli olduğu halda, anidən zolağı dəyişib avtobusun qarşısına keçərək təhlükəli dönmə əməliyyatı həyata keçirir və açıq şəkildə qəza vəziyyəti yaradır. Bu cür hadisələr zamanı əksər hallarda sərnişinlər avtobus sürücüsünü günahlandırır və əsaslı və ya əsassız şəkildə onlara dəymiş ziyanın ödənilməsi üçün “BakuBus”a müraciət edirlər. Ancaq istənilən halda həmin şəxslərin hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyyə olunur.
 
Bu hadisə zamanı qəza vəziyyəti yaradan taksi sürücüsünün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının avtobusun kameralarına aydın şəkildə düşmədiyi görünür”.
 
RePost.Az


Baxış sayı: 2003 | Tarix: 19.10.2017
Bizi Telegramda izləyin: @repostaz