İyulun 10-da Azərbaycana səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü olub.
 
RePost.Az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub.
 
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
“Dünən andiçmə mərasimimizi keçirdik, yeni hökumətimizin tərkibini açıqladıq. Ardınca isə Azərbaycanda prezident seçkilərindən dərhal sonra qardaşım İlham Əliyev bizi necə ziyarət etdisə, biz də ilk səfərimizi Azərbaycana edirik”, Ərdoğan bildirib.
 
R. T. Ərdoğan deyib ki, Türkiyə və Azərbaycan qardaşlıqlarını “bir millət, iki dövlət” anlayışı ilə bu günə qədər gətirib: “Bu qardaşlıq mesajımızı azərbaycanlı qardaşlarımıza ən güclü şəkildə çatdırmaq istəyirik. Bu gün İlham Əliyevlə təkbətək görüş keçirəcəyik. Sonra nümayəndə heyətləri arasında görüş olacaq. Ardınca isə mətbuata açıqlama ilə qarşımızdakı hədəflərimizi ifadə edəcəyik. Bu qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram. Bunu TANAP-da gördük, bunu TAP-da gördük, bunu xüsusilə Əliağa neftayırma zavodunda atılan addımlarda gördük. Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək. Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram". 
 
RePost.Az

Baxış sayı: 2858 | Tarix: 10.07.2018
Bizi Telegramda izləyin: @repostaz