“Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə cəza çəkdiyi dövr ərzində yeni cinayət əməli törətdiyinə görə barəsində cinayət işi başlanmış Mehman Hüseynova dəstək məqsədilə ayrı-ayrı penitensiar müəssisələrdə saxlanılan bəzi məhkumlar tərəfindən guya aclıq aksiyası keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib. Penitensiar xidmət bildirir ki, tabeçilikdə olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir”.
 
Bu barədə RePost.Az-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan açıqlamada bildirilib.
 
Qeyd edilib ki, bununla bağlı yayılmış məlumatlar reallığı əks etdirmir, cəmiyyətdə çaşqınlıq yaratmaq və bəzi şəxsləri gündəmdə saxlamaq məqsədi daşıyır:
 
“Hər zaman olduğu kimi bu gün də Penitensiar xidmət tabe qurumlardakı vəziyyətlə bağlı ictimaiyyəti maraqlandıran istənilən məsələyə aydınlıq gətirməyə və kütləvi informasiya vasitələrinin sorğularını cavablandırmağa hazırdır”.
 
RePost.Az

Baxış sayı: 2744 | Tarix: 15.01.2019
Bizi Telegramda izləyin: @repostaz