7-ci sinifdə (Elina ilə yaşıd olardım) rus bölməsindən Azərbaycan bölməsinə keçirilmişəm.  Buna görə yeni sinifdə qəbul olunmamışam, incidilmişəm də, təklənmişəm də... 
Düz iki il sinfin bir neçə oğlanlarına görə mütəmadi olaraq əziyyət çəkmişəm. Hətta bir müddət bütün sinif tərəfindən, qızlı-oğlanlı boykot da olunmuşam.  Yanımda yalnız 1-2 qız sinif yoldaşım olub ki, onlar da mənə görə bu və ya digər formada əziyyət çəkib. Təbii ki, çox çətin bir yeniyetməlik yaşamışam.  O oğlanlardan bir neçəsi hazırda burada dostluğumda da var. 
(Bilmirəm, bəlkə də indi bu statusumu oxuyub utanırlar).
 
Yəni bullinq adlandırdığımız bu tendensiya bütün dövrlərdə, hətta ən inkişaf etmiş ölkələrin məktəblərində olub və yəqin ki, yenə olacaq.
 
Amma bütün olanlara baxmayaraq, heç vaxt intihar etmək ağlımın ucundan belə keçməyib. Əksinə, dərslərimi daha da yaxşı oxumuş, sinfin əlaçısı olmuşam. Niyə? Çünki intiharın nə olduğunu belə bilməmişəm.
 
Hazırda isə intihar mövzusu bütün medianın, manşetlərin, sosial şəbəkələrin trendinə çevrilib. 
Elə bu səbəbdəndir ki, bir az çətinlik görən məktəblidən tutmuş, sevgilisindən ayrılmış gəncə, borca düşən böyüyə kimi hər kəs çıxış yolunu intiharda görür.
 
Dünyanın heç bir rəsmi media qurumlarında intihar və intihara cəhd xəbərləri tirajlanmır, bu, rəsmi şəkildə qadağan edilir. Hətta söhbət məşhur bir şəxsin bioqrafiyasından belə gedirsə, intihar haqda qeydlər aparılmır.
Çünki intihar xəbərlərinin psixoloji təsiri çox böyükdür.  Onlar öz ardınca ölkədə zəncirvari reaksiyaya, çox saylı intiharlara səbəb olur.
 
Səhv etmirəmsə, bir neçə il öncə ATV telekanalının xəbərlər departamenti intihar xəbərlərinin efirə verilməyini qadağan etmişdi. Bu, təqdirə layiq bir qərar idi və hazırda bütün ölkə mediasına da tətbiqi zəruridir.
 
Bu səbəbdən, bu ölkənin bir jurnalisti və nəhayət, sevimli millətinin təəssübünü çəkən bir vətəndaş kimi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının Sədri, dəyərli Əflatun müəllim Amaşova (Aflatun Amashov) müraciət edərək XAHİŞ edirəm:
 
Əflatun müəllim, yazaraq Sizdən xahiş edirəm, səlahiyyətləriniz çərçivəsində intiharla bağlı xəbərlərin yerli mediada tirajlanmağını qadağan edəsiniz və ya lazım gələrsə, bu məsələni Milli Məclis səviyyəsində müzakirəyə çıxarasınız.
Hazırda ölkədə tüğyan edən intihar tendensiyasının, qismən də olsa, qarşısının alınmasında əməyinizi əsirgəməməyinizi Sizdən dönə-dönə Xahiş Edirəm. Görkəmli dövlət və ictimai-siyasi xadim kimi bu məsələyə biganə yanaşmayacağınıza əminəm və bu səbəbdən Sizə öncədən təşəkkürümü bildirirəm.
 
RePost.Az
Ülviyyə Alovlu

Baxış sayı: 3352 | Tarix: 11.04.2019
Bizi Telegramda izləyin: @repostaz