Xəbər verdiyimiz kimi, səhər saatlarında “Eurohome” Ticarət Mərkəzində baş verən yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb.
 
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur:
“Vəziyyəti təhlil etdiyimiz zaman məsləhət görərik ki, Bakıdan Sumqayıt istiqamətində gedən sürücülər Sabunçu-Zabrat-Novxanı-Balaxanı yolu ilə hərəkət etsinlər. Çox sürücü düşünür ki, Biləcəridən keçmək daha məqsədə uyğundur.
 
Ancaq hazırda bütün nəqliyyat vasitələri həmin istiqamətə hərəkət etdiyi üçün ərazidə yolda sıxlıq müşahidə olunur.
 
Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə ən yaxşı halda Sumqayıt daxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Mağtağa-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsin.
 
Xırdalan dairəsi kimi tanınan ərazidən avtomobillərin hərəkəti sadəcə Xırdalan qəsəbəsinin daxilinə yönləndirilib.
 
Sürücülərdən xahiş edirik ki, yaranmış vəziyyəti təhlil edib düzgün qərar versinlər.
Məhdudiyyət tam yanğın söndürülənə qədər davam edəcək”.

Baxış sayı: 2383 | Tarix: 10.12.2019
Bizi Telegramda izləyin: @repostaz