Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-də başlanan Vətən Müharibəsində əsgərlərimizin göstərdikləri qəhrəmanlıqlar sadalamaqla bitməz. 
 
Torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşə atılan əsgərlərimizin hər biri ayrı-ayrılıqda bir qəhrəmandır. Gün gələcək 19-20 yaşlarında bu qəhrəmanlar haqqında filmlər çəkiləcək, kitablar yazılacaq. Çünki hər bir əsgərin ayrıca bir qəhrəmanlıq dastanı var. O əsgərlərdən biri də əslən Laçın rayonunun Kamallı kəndindən olan Süleymanov Aslan Kamal oğludur. Heç vaxt Laçının üzünü görməyən Aslan həm ata ocağının işğaldan azad edilməsi, həm də adını daşıdığı babasının intiqamını almaq üçün müharibənin ilk günlərindən döyüşlərə atılıb. Əsasən cəbhənin Tərtər istiqamətində vuruşan Aslanın döyüş yolu Çaylı, Talış kəndi və eyniadlı yüksəkliklərdən keçib. Suqovuşanın işğaldan azad olunmasında döyüşçü yoldaşları ilə birlikdə onlarla erməni əsgərini məhv edib. 
 
Ağdərə uğrunda gedən döyüşlərdə isə şəhid olmuş əsgər yoldaşının nəşini döyüş bölgəsindən çıxararkən düşmənin atdığı minaatan mərmisi yanında partlayıb. Ayağından, əlindən və başından qəlpə yaraları alan Aslan müalicə olunduqdan sonra da xidmətini davam etdirir. Ən böyük arzusu isə istər əsgər kimi, istəsə də mülki şəxs olaraq ata ocağı Laçına daxil olmaq və adını daşıdığı Şəhid babası Aslana olan mənəvi borcunu ödəməkdir. 
 


Baxış sayı: 3409 | Tarix: 26.11.2020
Bizi Telegramda izləyin: @repostaz