Sentyabrın 6-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisəsi olan “Caspian Drilling Company”-nin (CDC) 25 illik yubileyi qeyd edilib.
 
RePost.Az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, tədbirdə SOCAR-ın rəhbər heyəti və tərəfdaş şirkətlərinin nümayəndələri iştirak ediblər.
 
SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə və CDC şirkətinin baş direktoru Fərid Axundov qonaqlar qarşısında çıxış ediblər.
 
Üzən dəniz qazma qurğularının təmiri, modernləşdirilməsi, onlara nəzarətin həyata keçirilməsi və texniki xidmətlərin göstərilməsi, eyni zamanda dənizdə neft-qaz quyularının qazılması və təmiri üzrə ixtisaslaşmış CDC şirkəti yarandığı vaxtdan bu günədək böyük inkişaf yolu keçib.
 
Ötən 25 ildə “Caspian Drilling Company” Xəzər dənizinin Azərbaycan sektorunda hasilatın pay bölgüsü sazişləri üzrə həyata keçirilən 16 dəniz layihəsində kəşfiyyat və sualtı qazma işlərini müvəffəqiyyətlə icra edib.
 
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının kəşf olunmasında CDC-nin kəşfiyyat-qazma əməliyyatları mühüm rol oynayıb.
 
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev CDC şirkətinin əmək kollektivini təbrik edərək deyib:
 
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən qarşımıza məqsəd qoyulmuşdur ki, neft sənayesi yalnız xam neft və təbii qazın satışı ilə deyil, həm də əlavə dəyər yaradan məhsul və xidmətlərlə ölkəmiz üçün əlavə qazanc mənbələri yaratmalıdır.
 
Bu gün ölkəmizdə həyata keçirilən ən böyük beynəlxalq səviyyəli layihələrdə əsas rolu məhz dövlətə məxsus olan yerli şirkətimiz CDC həyata keçirir. Sırf xidmət sahəsində ixtisaslaşmış CDC fəaliyyəti dövründə mühüm uğurlara imza atıb.
 
Bu gün deyə bilərik ki, CDC dünyanın öndə gedən qazma şirkətləri ilə rəqabət aparmaq qabiliyyətindədir. 500-ə yaxın yüksək səriştəli işçi heyəti üçün əlavə iş yerləri yaradan, daim mənfəətlə işləyən CDC ona bəslənilən inam və etimadı doğruldub.
 
Son illər müəssisənin fəaliyyətində daha böyük irəliləyişlər hiss olunur. Məhz CDC-nin rəhbərliyi altında inşa edilən “Heydər Əliyev” 6-cı nəsil yarımdalma qazma qurğusu vasitəsi ilə şirkətin qazmaçıları Xəzər dənizində 7411 metr dərinliyində ən dərin quyunun qazılmasına nail olmuşdur.
 
Bu gün sizin fəaliyyətiniz yalnız Azərbaycanla məhdudlaşmır. İsraildə və Türkiyədə qazma işləri həyata keçirmisiniz. İnanırıq ki, qarşıda sizi daha böyük nailiyyətlər gözləyir”.
 
Yubiley tədbirində çıxış edən CDC rəhbərliyinin nümayəndələri ötən müddətdə qazanılmış zəngin təcrübəyə arxalanaraq bundan sonra da əzmkarlıq göstərəcəklərini, yeni neft strategiyasının daha böyük qələbələr qazanması üçün var gücləri ilə çalışacaqlarını bildiriblər.
 
Sonda SOCAR prezidentinin müvafiq əmrləri ilə CDC şirkətinin bir qrup əməkdaşı SOCAR-ın “Fəxri Fərman”ı və “Fəxri neftçi” döş nişanı ilə təltif olunublar.
 
CDC şirkəti 1996-cı ildə yaradılıb. “Heydər Əliyev”, “Dədə Qorqud” və “İstiqlal” yarımdalma qurğuları ilə Xəzər dənizində qazma əməliyyatlarını həyata keçirən CDC cari ildə Qazaxıstandan gətirilmiş “Sətti” özüqalxan qazma qurğusunun modernizasiya işlərini başa çatdırıb.
 
Qurğu Abşeron yarımadasının SOCAR və bp tərəfindən birgə istismar olunan dayazsulu hissəsində əməliyyatlara cəlb olunub.
 

Baxış sayı: 3428 | Tarix: 07.09.2021
Bizi Telegramda izləyin: @repostaz