Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq 182 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (Interconnector Greece – Bulgaria - IGB) bütün marşrutunun və səkkiz kran düyününün su ilə sınağı (hidrosınaq, hidrostatik sınaq ) tam başa çatıb.
 
“APA-Economics”in Bolqarıstan mərbuatına istinadən verdiyi məlumata görə, ACGB layihə şirkətinin (layihəninin operatoru) icraçı direktorları ICGB Teodora Georieva və Konstantinos Karayanakos tikinti şirkətinin layihənin tamamlanmasında irəliləyişlərini qiymətləndirmək üçün Bolqarıstan və Yunanıstanda davam edən tikinti işlərinə yerində baxış keçiriblər.
 
Məlumata görə, aprelin ortalarına qədər bütün tikinti işlərinin 91%-i artıq yerinə yetirilib.
 
Vurğulanır ki, Komotini (Yunanıstan) və Stara Zaqorada (Bolqarıstan) yerləşəcək qaz-ölçmə məntəqələrin də tikintisi hazırda aktiv şəkildə aparılır.
 
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin istifadəyə verilməsinin (sonuncu dəfə müəyyən edilən istifadəyə verilmə tarixi – 2022-ci ilin iyul ayı) təxirə salınması səbəbindən (2020-ci ilin sonunda istifadəyə verilməli idi) Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir.
 
IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər.
 
Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

Baxış sayı: 3751 | Tarix: 14.04.2022
Bizi Telegramda izləyin: @repostaz