Azərbaycan Respublikasının adının Şimali Azərbaycan kimi dəyişməsi strateji baxımdan müsbət addım olar.
 
APA xəbər verir ki, bunu “İran yeni baxış bucağında” adlı tədbirdə Cənubi Azərbaycanın milli fəalı, “Gunaz TV”nin rəhbəri Əhməd Obalı deyib.
 
Onun sözlərinə görə, bu, qlobal ictimaiyyətdə ciddi sual yarada bilər:
 
“Hər kəs düşünəcək ki, deməli, bu ölkənin cənubu da var. Biz öz aramızda onsuz da bu addan istifadə edirik. Şimali Azərbaycan, Cənubi Azərbaycan deyirik. Amma beynəlxalq aləmdə də bunu belə tanıtmalıyıq. Biz necə deyəcəyiksə, bütün dünya da elə qəbul edəcək”.
 
O, ABŞ-ın Cənubi Azərbaycan məfhumuna münasibətilə bağlı deyib ki, Azərbaycanın birləşməsi, Cənubi Azərbaycanın azad olması ABŞ üçün problem olmamalıdır: “Əgər ABŞ Azərbaycanın vahid olmasına, birləşməsinə etiraz edərsə, biz bu yanaşmanı qəbul etməyəcəyik”.
 
Milli fəal vurğulayıb ki, onları yollarından yayındırmaq üçün kommunizm, solçuluq, şiəlik, türkçülük və s. ideologiyalardan istifadə ediblər: “Əsas məqsəd bizi Vətən, Azərbaycan anlayışından uzaqlaşdırmaq olub. İran dövləti Azərbaycançılıq qarşısında hətta türkçülüyü istifadə edib, edir. İran türkçülüyü də sevmir, ancaq Azərbaycançılıq bizim üçün Vətən anlayışını ifadə edir və İran bu anlayışı silmək istəyir”.

Baxış sayı: 21022 | Tarix: 05.12.2022
Bizi Telegramda izləyin: @repostaz