Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən inşa olunan hissələrinə media-tur təşkil olunub.
 
APA-nin Şirvan bürosu xəbər verir ki, media-turda yolun əhəmiyyəti vurğulanıb, yolun Bakıdan İsmayıllı, Qəbələ Oğuz, Şəki, Zaqatala, Balakən istiqamətinə aparan, regionları birləşdirən ən qısa yol olduğu vurğulanıb.
 
Qeyd olunub ki, yol Heydər Əliyevin tapşırığına əsasən, 70-ci illərdə inşa edilib, indi də ölkə rəhbərliyinin tapşırığı ilə yenidən qurulur. Hazırda yolun genişləndirilməsi işləri aparılır. Yolun ilk 14 km-lik ərazisi sürüşmə ərazisidir, sürüşməyə meylli hissədir, burada yol yenidən inşa edilir və müəyyən ərazilər genişləndirilir. Yol boyunca yeni yaşıllıqların salınması planlaşdırılıb.
 
Muğanlı-İsmayıllı yolunun uzunluğu 76.8 km. olacaq. II texniki dərəcəyə uyğun qurulan yol layihəsinin icrası ilə, Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
 
Ümumilikdə yeni layihə üzrə 1 tunel, 1 asma körpü, 15 körpü layihələndirilib. Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir.

Baxış sayı: 13992 | Tarix: 27.04.2023
Bizi Telegramda izləyin: @repostaz