Növbəti ildən pensiyaya çıxanların müavinətlərində artım müşahidə ediləcək. Bu, pensiya sahədə atılmış ən böyük addımdır, pensiya sahəsində inqilabi dəyişiklik olacaq. Bir daha xatırladım ki, artım yalnız gələn ildən pensiyaya çıxanlara aid olacaq. RePost.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkillərinin suallarını cavablandırarkən deyib. Nazir bildirib ki, büdcədənkənar vəsaitlər tamamilə silinməyəcək, işçilər sosial sığorta qismində ala biləcək. “Lakin onlar müəyyən faizə vurulmayacaq. Çünki bu, Dövlət Sosial Müdafiə Fondunun vəsaiti deyil. Bu gün bir sıra qurumlarda sıravi işçilər ali rəhbər vəzifələrdəki şəxslərdən yüksək məbləğdə pensiya alır. Ona görə də ədalət prinsipinin bərpası üçün qanunun bu maddəsinə dəyişiklik təklif edilir”. Nazir qeyd edib ki, 2019-cu ildə 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək. Nazir bildirib ki, gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48 faiz artacaq. Onun sözlərinə görə, gələn ildən başlayaraq Azərbaycan vətəndaşlarının pensiya təminatı avtomatlaşdırılmış qaydada aparılacaq.

Baxış sayı: 2288 | Tarix: 27.11.2018
Bizi Telegramda izləyin: @repostaz