Azərbaycanda on manatlıq əskinaslar yenilənib.
 
RePost.Az Mərkəzi Banka istinadən xəbər verir ki, yeni on manatlıqlarda mühafizə sistemləri artırılıb. 
 
Yenilənmiş on manatlıq pul nişanı bugündən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan on manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
 
Belə ki, mövcud on manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub, əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb. 
 
Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir.
 
Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini mətnlər və nominalın rəqəmləri görünür.
 
Eyni zamanda, banknotun ön tərəfində İçəri şəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.
 
Pul nişanının arxa tərəfində isə üzərində işıqda görünən 10 rəqəmi və AMB yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində 10 AZN yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib. 
 
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılıb.
 
RePost.Az

Baxış sayı: 3352 | Tarix: 18.03.2019
Bizi Telegramda izləyin: @repostaz