Karantin dönəmində koronavirusa yoluxma riski yüksək olan yerlərdən biri də marketlər hesab edilir. Elə bu səbəbdən də marketlərdə alış-veriş qaydası tez-tez müzakirə edilir.
 
RePost.Az xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi Koronavirus Elmi Komitəsinin üzvü Tevfik Özlü özünün “YouTube” kanalı və “Twitter” hesabında bu barədə açıqlama verib.
 
Hər gün marketə getməyin əleyhinə olan T.Özlü risk qrupuna daxil olan insanlara səslənib:
 
“Xroniki xəstəlikdən əziyyət çəkənlər və yaşı 65-dən yuxarı olan şəxslər, bazarlığı özünüz etməyin. Hər gün marketə getməyin, ehtiyacınız olduğu halda evdən çıxın. Marketə insan sıxlığı olmayan saatlarda gedin. Maskasız çıxmayın və maskasız insanlara xəbərdarlıq edin. Maskalı olsanız da belə, 1-2 metrlik məsafəni qoruyun.
 
Səbət, əl arabası kimi hər kəsin toxunduğu səthlərə təmasdan əvvəl əllərinizi dezinfeksiya edin. Əlinizdə siyahı olsun, ən qısa zamanda alış-verişi tamamlayın.
 
Sadəcə alacağınız məhsula toxunun. Satıcının məhsula toxunmasına icazə verməyin.
 
Evə gələndə məhsulları sellofan torbadan çıxarıb 24 saat toxunmadan havalandırın. Sellofan torbaları atın, əllərinizi sabunla 30 saniyə yaxşı-yaxşı yuyun. Qablaşdırılmış məhsulları açarkən hər hansı bir səthə toxundurmayın. Əllərinizi yumadan üzünüzə toxunmayın.
 
Tərəvəz, meyvələri bol su ilə yuyun, kimyəvi maddə istifadə etməyin. Bunları koronavirussuz günlərdə də həmişə, hər zaman edin”.

Baxış sayı: 2231 | Tarix: 14.04.2020
Bizi Telegramda izləyin: @repostaz