Sumqayıt yolunda baş verən faciəvi qəzada dünyasını dəyişən tələbələrdən biri – Sumqayıt Universitetinin tələbəsi İbrahim Quliyevin bu gün doğulduğu Cəlilabad rayonunda üç mərasimi keçirilir. Qeyd edək ki, İbrahim üç qardaşın ortancılı olub.
 
RePost.Az Yeniçag-a istinadən İbrahimin qardaşı Xaqani Quliyevin müsahibəsini təqdim edir:
 
– Ağırdır bilirəm, amma mənə bir az İbrahimdən danış …
 
– Biz üç qardaş idik: mən, İbrahim və Fərhad. O, uşaqlıqdan zəhmətkeşliyi ilə hamıdan fərqlənib. Canıyananlığı ilə seçilirdi, anamın dərd yoldaşı idi. Haçan baxırdın, anamla dərdləşirdi. Atamın isə əsl dostu idi. Evə girən kimi gözü birinci atamın üzündə olardı ki, görsün necədir?
 
– Bəs qardaşları?
 
– Bizimlə məsafə saxlayardı, aramızda sonsuz sevgi və hörmət olub. Çox gülərüz biri idi, nə deyirdin, gülüşlə cavab verirdi. Üzündən təbəssüm əskik olmazdı qardaşımın.
 
– Xobbisi, əyləncəsi vardımı?
 
– Uşaqlıqdan futbol oynamağı çox sevirdi. "Barselona"nın azarkeşi idi.
 
– Sevdiyi qız vardı?
 
– Hə, rayonumuzdan bir qız istəyirdi. Bir dəfə mənə dedi ki, Xaqani, mən həyatımı onsuz təsəvvür etmirəm. Çox sevirdi onu.
 
– Arzusu nə idi?
 
– Deyirdi, ali təhsilimi başa vurandan sonra rayonumuza gələcəm. Evlənmək, elə bizimlə də yaşamaq istəyirdi. İbrahim ailəsinə çox bağlı idi, bizsiz bir dəqiqə dura bilmirdi. Amma əbədi tərk eləyib getdi.
 
– Sonuncu dəfə sənə nə yazmışdı?
 
– Martın 1-də mənim ad günüm idi; çox təsirli bir təbrik yazmışdı.
 
– Bəs 8 martda ananı təbrik etdi?
 
– Özü də hamıdan birinci… Yazmışdı ki, martın 17-də gələndə hədiyyəni gətirəcəm. Anamdan soruşub ki, qardaşlarım səni təbrik etdilər? Vallah, ürəyim partlayır, bilmirəm nə danışım. İbrahim bizə elə bir dərd verdi ki, onsuz necə yaşayacağımızı bilmirəm.
 
RePost.Az

Baxış sayı: 3618 | Tarix: 11.03.2017
Bizi Telegramda izləyin: @repostaz