"Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı metrosunun iş qrafiki 2 saat uzadılacaq.
 
Bu barədə jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib. Bildirib ki, Bakıda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar müvafiq əməliyyat planı əsasında, yarışın keçiriləcəyi müddətdə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq olunacaq:
 
"Yarışın keçiriləcəyi müddətdə nəzərdə tutulmuş kütləvi-mədəni proqramların başa çatacağı vaxtlar nəzərə alınaraq, aprelin 28-dən 29-na və 29-dan 30-na keçən gecə saat 02:00-a qədər metropoliten stansiyaları sərnişinlərin girişinə açıq olacaq. Aprelin 30-da bazar günü olsa da, qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində 2,5 dəqiqəlik intervalla təşkil ediləcək. Həmin tarixlərdə qatarların hərəkəti qış qrafikinin tələblərinə uyğun nizamlanacaq" - deyə B. Məmmədov əlavə edib.

Baxış sayı: 13726 | Tarix: 26.04.2023
Bizi Telegramda izləyin: @repostaz