Güney Azərbaycanın Təbriz şəhərində təqaüdçü müəllimlər, Beynəlxalq Müəllimlər Günündə etiraz aksiyası keçiriblər.
 
RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, məişət problemləri ilə bağlı keçirilən etiraz aksiyası Şərqi Azərbaycan Təhsil Şöbəsinin binası qarşısında baş tutub.
 
Müəllimlər təqaüdlərinin gecikdirilməsi, müəllimlərlə digər peşə sahiblərinin təqaüdləri arasında olan fərq, məişət problemləri və s. kimi məsələlərə etiraz ediblər.
 
Etirazçılar üzərində “həbsdəki müəllimləri azad edin”, “Bir korrupsiya azalarsa, bizim problemimiz öz həllini tapar”, “Yoxsulluq həddi 4 milyon tümən, bizim təqaüdümüz 1 milyon”, “Təhsil Nazirliyi Şöbələrini özəlləşdirməyi dayandırın”, “Pulsuz və keyfiyyətli təhsil şagirlərin haqqıdır” və s. kimi şüarlar yazılmış plakatlar qaldırıblar.
 
Qeyd edək ki, İranda müəllimlər ən az maaş alan hökumət işçiləri sırasındadır. Onlarla İslam İnqilabı Keşikçilər Korpusunun üzvləri, Bəsic (yarım-silahlı könüllü dəstələr) və ruhanilərin maaşını müqayisə edəndə, müəllimlərin həqiqətən də yoxsul vəziyyətdə yaşadıqları məlum olur. Bundan əlavə, rejimin ideologiyasını qoruyan qüvvələr maaşlarından başqa korrupsiya yolu ilə külli miqdarda gəlir əldə edirlər. Belə hallara etiraz edən müəllimlər isə məhkəmə tərəfindən uzunmüddətli həbs cəzalarına məhkum edilir.
 
RePost.Az

Baxış sayı: 3580 | Tarix: 05.10.2017
Bizi Telegramda izləyin: @repostaz